25 fevralda Xocalı rayon Kosalar kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrının aktrisası Rəhilə Məmmədovanın ssenari müəllifi olduğu Rəna Teymurqızının “Dərd yükü” poeması əsasında şəhidlərimizin ruhuna həsr olunmuş “Ağlama, Qarabağım, ağlama” adlı tamaşa nümayiş etdirildi. Tamaşada Məmməd Arazın, Ruziyə Quliyevanın və Qalib Bəyməmmədoğlunun şeirlərindən də istifadə olunmuşdur.
Kosalar kənd Mədəniyyət evində keçirilən tamaşada qəsəbə sakinləri və şagirdlərlə yanaşı, Gəncə şəhərinin mədəniyyət işçiləri, məktəbli şagirdlər qonaq qismində iştirak etdilər. Tamaşadan əvvəl Xocalı soyqırımından bəhs edən kadrlara və şəhid ailələrindən alınan müsahibələrə baxıldı. Tamaşanın aktyorları olan Xocalı rayon Kosalar və Yaloba kənd tam orta məktəbinin şagirdləri öz bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər. Kosalar kənd Mədəniyyət evinin və Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları tamaşanın təşkilində fəallıq göstərdilər.
Ramiz MƏHƏRRƏMOV,
Kosalar kənd Mədəniyyət evinin direktoru